Korrupsiya hüquqpozmalarına dair məlumat verən şəxslərin dövlət müdafiəsi Azərbaycan və beynəlxalq təcrübənin müqayisəli təhlili ilə əlaqədar qabaqcıl təcrübənin xülasəsini, mövcud qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təkliflər təqdim edilib.
18 mart tarixində Mogan Hotel Baku-da “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən “Məlumat verən şəxslərin müdafiəsinə dair qanunvericiliyin
təkmilləşdirilməsinə dəstək” layihəs çərçivəsində “Korrupsiya hüquqpozmalarına dair məlumat verən şəxslərin dövlət müdafiəsi Azərbaycan və beynəlxalq təcrübənin müqayisəli təhlili” mövzusunda dəyirmi masa müzakirəsi keçirilib.
Tədbirdə Dövlət Vergi Xidmətinin, Baş Prokurorluğun nümayəndələri, İctimai Şura sədrləri, üzvləri daxil olmaqla 30-dan çox QHT təmsilçisi iştirak edib.
“Demokratiyanı öyrənmə” ictimai birliyinin sədri Mirəli Hüseynov layihə haqqında məlumat verərək Məlumat verən şəxslərin müdafiəsi ilə bağlı beynəlxalq praktika, milli qanunvericilik, bu məsələlərlə əlaqədar aparılmış müzakirələr, QHT-lərin təşəbbüsləri barədə fikirlərini bölüşüb. Qeyd edib ki, layihə çərçivəsində KAF tərəfindən məlumat verən şəxslərin müdafiəsi üzrə qanunvericiliyə əlavə dəyişikliklərlə əlaqədar qanun layihəsi, xarici təcrübənin analizi və tövsiyyələr hazırlanıb.
Layihənin eksperti Şahin Nəsrullayev məlumat verən şəxslərin müdafiəsi ilə əlaqədar qabaqcıl təcrübənin xülasəsini, mövcud qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təklifləri təqdim edib.
Dövlət qurumları və QHT nümayəndələri təqdimat zamanı səslənilən fikirlər və təkliflərlə bağlı öz rəy və tövsiyyələrini diqqətə çatdırıblar.
M.Hüseynov və Ş.Nəsrullayev müzakirələr zamanı səsləndirilən qeydlər nəzərə alınmaqla hazırlanmış hesabatın və təkliflərin müvafiq dövlət qurumlarına təqdim ediləcəyini və açıq internet resurslarda yerləşdiriləcəyini bildirib.