Home » Tədbirlər » Gömrük orqanlarının fəaliyyətində şəffaflıq və hesabatlılıq müzakirə olunub

Gömrük orqanlarının fəaliyyətində şəffaflıq və hesabatlılıq müzakirə olunub

Mayın 14-də “Pullman Baku” otelində Açıq Hökumət Platformasının və Dövlət Gömrük Komitəsinin birgə təşkilatçılığı ilə “Gömrük orqanlarının fəaliyyətində şəffaflıq və hesabatlılıq” mövzusunda İctimai Müzakirə keçirilib.

Tədbirdə Dövlət Gömrük Komitəsi rəsmiləri, Açıq Hökumət Platforması üzvləri və digər QHT təmsilçiləri, millət vəkilləri, dövlət orqanları, beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Rza Həsənəliyev Prezident İlham Əliyev tərəfindən son illərdə bütün sahələrdə həyata keçirilən iqtisadi islahatlar, bu islahatların ölkəmizin dinamik inkişafında rolu və gömrük orqanlarının bu sahədəki fəaliyyətindən bəhs edərək bildirib ki, ölkənin iqtisadi həyatında olduqca mühüm yerdə dayanan gömrük orqanları beynəlxalq ticarət təchizatının kompleks idarə edilməsində mühüm rola malikdir. Daha sonra komitə rəsmisi ölkə başçısının gömrük sahəsində həyata keçirdiyi islahatlar, bu islahatların iqtisadiyyatın və beynəlxalq ticarətin inkişafındakı rolu, gömrük orqanlarının modernləşdirilməsi, kadrların potensialının gücləndirilməsi, gömrük işinin səmərəli təşkili istiqamətində həyata keçirilən innovasiya layihələrindən bəhs edib.

Açıq Hökumət Platformasının koordinatoru, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev tədbirin gömrük orqanları ilə vətəndaş cəmiyyəti arasındakı əlaqələrin gücləndirilməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib. Əliməmməd Nuriyev şəffaflıq və hesabatlılığın dərinləşdirilməsinin vacibliyindən, bunun ölkədə həyata keçirilən islahatların səmərəliliyinin artmasına müsbət təsirindən bəhs edib və gömrük orqanlarında bu istiqamətdə atılan addımların təqdirəlayiq olduğunu diqqətə çatdırıb.

Daha sonra Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsinin rəisi Fuad Qasımov “Gömrük orqanlarının fəaliyyətində şəffaflıq və hesabatlılığın təmin edilməsi ilə əlaqədar həyata keçirilən tədbirlər” mövzusunda təqdimatla çıxış edib. Fuad Qasımov gömrük işinin təşkili sahəsində Prezident İlham Əliyev tərəfindən həyata keçirilən tədbirlər, bu tədbirlərin şəffaflığın təmin edilməsindəki rolu barədə məlumat verib, gömrük-biznes münasibətlərində subyektiv amillərin aradan qaldırılması, vətəndaşlara xidmət səviyyəsinin yüksəldilməsi sahəsində atılan addımlardan söz açıb.

DGK-nın Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş idarəsinin rəisi, gömrük xidməti general-mayoru İqbal Babayev “Gömrük-biznes əməkdaşlığında elektron xidmətlərin rolu” mövzusunda çıxış edib. O, DGK tərəfindən tətbiq edilən informasiya texnologiyaları layihələri, bu layihələrin şəffaflığın təmin edilməsindəki rolu barədə məlumat verib. İ.Babayev onu da bildirib ki, Azərbaycan gömrükçüləri tərəfindən tərtib edilən layihələrin nəinki regional, beynəlxalq səviyyədə gömrük işinin səmərəli şəkildə təşkilinə, sərhədkeçmə prosesinin sürətləndirilməsinə, beynəlxalq ticarətin asanlaşdırılmasına mühüm töhfələr verib və artıq bir sıra ölkələr Azərbaycanın bu sahədəki qabaqcıl təcrübəsindən bəhrələnir. İ.Babayev DGK-nın gələcək planlarından da söz açıb.

Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev “Gömrük orqanlarının fəaliyyətinə vətəndaş cəmiyyətinin baxışı” mövzusundakı təqdimatla çıxış edib. Təqdimat DGK-nın fəaliyyəti ilə əlaqədar ictimai etimadın artırılması, şəffaflıq və hesabatlılığın müasir standartlarının tətbiqi, ictimai iştirakçılığın genişləndirilməsi, effektiv antikorrupsiya atrategiyası ilə bağlı ümumi yanaşma və konkret təklifləri əks etdib. Ə.Nuriyev bildirib ki, DGK islahatları və innovasiyaları, pozitiv dəyişiklikləri barədə ictimaiyyəti daha çox məlumatlandırmalıdır. DGK üçün effektiv kommunikasiya strategiyası çox mühümdür. DGK müasir metodlarla audio-vizual məlumatlandırmadan, sosial şəbəkələrin imkanlarından daha çox istifadə etməlidir. Platforma koordinatoru Effektiv Antikorrupsiya Strategiyası üçün məqbul hesab etdikləri yanaşmadan söz açıb və təklifləri səsləndirib. Ə.Nuriyev DGK-nın fəaliyyətində ictimai iştirakçılığın genişləndirilməsi ilə bağlı təklifləri də diqqətə çatdırıb, şəffaflığı və hesabatllığı təmin edəcək tədbirlər barədə vətəndaş cəmiyyətinin mövqeyini ifadə edib. O, gömrük xidmətinin moderinizasiyası üçün əlavə səylərin göstərilməli olduğu sahə və istiqamətləri də qeyd edib.

Platforma üzvü Multimedia Mərkəzinin rəhbəri Osman Gündüz DGK-nın elektron xidmətləri, nəqliyyat vasitələri və malların idxal və ixracı, gömrük keçid məntəqlərinin işi, DGK-nın informasiya təminatı, digər dövlət orqanları ilə əməkdaşlıq məsələləri ilə əlaqədar təkmilləşdirmələr barədə təkliflərlə çıxış edib.

Millət vəkili Qüdrət Həsənquliyev gömrük xidmətində kadr hazırlığının önəmini, DGK-nın ictimai əlaqələrinin inkişaf etməsi, Komitənin fəaliyyətində ictimai iştirakçılığın genişlənməsinin önəmini vuğulayıb.

Platforma üzvləri QHT rəhbərləri və ekspertləri Novella Cəfəroğlu, Ümid Rəhimoğlu, Rauf Zeyni, Rəşad Həsənov, Rahilə Mediyeva, Məhluqə Rəhimova öz təklif və iaradlarını diqqətə çatdırıblar.

DGK rəsmiləri və Platforma koordinatoru qeydlərə öz münasibətlərini bildiriblər və çoxsaylı sualları cavablandırıblar.

AZ | EN