Home » Tədbirlər » Açıq Hökumət Platforması “Açıq hökumət həftəsi”nə start verdi

Açıq Hökumət Platforması “Açıq hökumət həftəsi”nə start verdi

“Açıq Hökumət” Milli Fəaliyyət Planında 4-cü istiqamət (VCT-nin dəstəklənməsi) üzrə həyata keçirilən tədbirlər” mövzusunda dəyirmi masa keçirilib.

Açıq Hökumətin təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoq Platforması, “Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi (TSTİB) ilə birlikdə Avropa İttifaqının dəstəyilə həyata keçirilən “Vətəndaş cəmiyyəti və vətəndaşların maraqlarının müdafiəsi” layihəsi çərçivəsində təşkil olunub.
Tədbirdə millət vəkilləri, Ədliyyə Nazirliyinin, AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının əməkdaşları, QHT nümayəndələri, KİV təmsilçiləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev bildirib ki, “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 4-cü istiqamətində vətəndaş cəmiyyətinin dəstəklənməsi üçün əhəmiyyəti tədbirlər nəzərdə tutulub: “Açıq Hökumət Platforması hesab edir ki, bütün maraqlı tərəflərin iştirakı ilə bu məsələlərin müzakirəsi, təklif və fikirlərin səsləndirilməsi çox mühümdür. Bu cür müzakirələr mövcud çətinlikləri aydın görməyə, birgə həll yolları təklif etməyə imkan yaradır”.
Platforma koordinatoru bu müzakirələrin təşkilində verilən dəstəyə görə Avropa İttifaqına, TSTİB-ə təşəkkürünü bildirib.
Ə.Nuriyev xatırladıb ki, 07-11 may tarixlərində dünayda “Açıq hökumət həftəsi” (#OpenGovWeek) keçiriləcək:
“Bu tədbirlə Azərbaycan Açıq Hökumət Platforması “Açıq hökumət həftəsi” çərçivəsində keçiriləcək tədbirlərə start verir. Platforma müxətlif tədbir və təşəbbüslərlə ölkədə açıq hökumət islahatlarının diqqət mərkəzində qalmasına səy göstərəcək”.

Millət vəkili Qüdrət Həsənquliyev bildirib ki, hazırda Azərbaycanda QHT-lərin maddi-texniki bazası zəifdir. Onun sözlərinə görə, dövlət büdcəsindən ayrılan vəsaitlər bir çox hallarda yetərli olmur. “İctimai iştirakçılıq haqqında” qanun da yaxşı işləmir. İctimai Şuralar effektiv fəaliyyət göstərmir. Q.Həsənquliyev qeyd edib ki, QHT-lər öz fəaliyyətində qanunvericiliyin tələblərinə ciddi əməl etməlidirlər. Eyni zamanda QHT-lərlə bağlı qanunvericilik də təkmilləşdirilməlidir. Millət vəkili QHT rəhbərlərinin təkiflərini Milli Məclisdə səsləndirməyə hazır olduğunu da diqqətə çatdırıb.
TSTİB sədri Cəlal Əmənov layihə fəaliyyətləri barədə məlunat verərək, qeyd edib ki, “bu cür müzakirələr mövcud problemlərin həllinə ortaq baxışın formalaşmasına töhfə verir, dövlət qurumları, parlament üzvləri və QHT-lər arasında fikir mübadiləsinin güclənməsini təmin edir”. C.Əmənov Açıq Hökumət Platformasının bu istiqamətdə fəal işlədiyini vurğulayıb və layihə çərçivəsində Platforma ilə əməkdaşlığının uğurlu nəticələr verəcəyinə əmin olduğunu qeyd edib.
Platformanın üzvü “Demokratiyanı öyrənmə” İctimai Birliyinin sədri Mirəli Hüseynov “İctimai Şuraların fəaliyyəti: mövcud vəziyyət və gözləntilər” mövzusunda təqdimatlı çıxış edib. Ekspert İctimai Şuranın fəaliyyətindəki nöqsanları qeyd edib və çıxış yollarını təklif edib.

Millət vəkili Fazil Mustafa bildirib ki, İctimai şuraların əsas mahiyyəti şəffaflığın cəmiyyətə daha aydın şəkildə təqdim edilməsidir: “Azərbaycanda bəzi dövlət qurumları şəffaflığa maraqlı deyillər. qanunun işləməməsi problemlərini gündəmə gətirir. Hesab edirəm ki, Milli Məclisdə müəyyən təkliflərlə çıxış edəcəyik”.
“Vətəndaş cəmiyyətinin fəaliyyəti üçün əlverişli mühit yaradılması: problemlər və perspektivə baxış” mövzusunda çıxış edən Ə.Nuriyev təklifləri diqqətə çatdırıb. Qeyd edib ki, əsas istiqamətlər kimi QHT-lərin fəaliyyəti ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi, özəl sektorla biznesin əməkdaşlığının genişləndirilməsi və stimullaşdırılması, alternativ maliyyələşmə mexanizmlərinin tətbiqi və inkişaf etdirilməsi, regionlarda QHT-lərin sayının artması, fəallaşması ilə əlaqədar səylərin gücləndirilməsinə ehtiyac var.
Müzakirələr zamanı səsləndirilən təkliflərlə bağlı fikir mübadiləsi aparılıb. Açıq Hökumət Platformasının bu təkliflərin hökumətlə müzakirəsini təşkil etməsi təklif olunub.

AZ | EN