Home » Tədbirlər » Şəki-Zaqatala bölgəsi QHT-ləri üçün təlim təşkil olunub

Şəki-Zaqatala bölgəsi QHT-ləri üçün təlim təşkil olunub

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT İnkişaf Proqramının dəstəyilə həyata keçirilən “Həssas əhali qruplarının sosial-iqtidsadi hüquqlarının təmin edilməsində
vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində “Konstitusiya” Araşdırmalar Fondunun “Azərbaycanda əlilliyi olan insanların və uşaqların müdafiəsi üçün sosial və hüquqi mühitin gücləndirilməsi” təşəbbüsü ilə Şəki-Zaqatala bölgəsini təmsil edən QHT Şəbəkəsi üzvlərinin potensialının gücləndirilməsi məqsədilə təlim təşkil edib.
11-12 fevral tarixində Şəki şəhərində təşkil olunan təlimdə Balakən, Oğuz, Qax, Qəbələ, Şəki və Zaqatalada fəaliyyət göstərən QHT-lərin nümayəndələri iştirak ediblər. Ümumilikdə təlimdə 19 QHT-dən 22 nəfər iştirak edib. Təlim QHT nümayəndələrinin təşkilatın inkişaf mərhələləri, təşkilatın idarəolunmasındakı çətinlikləri və onların həlli yolları, strateji planlama, resursların idarəolunması və maliyyə axtarışı, eyni zamanda layihələrin idarəedilməsində könüllülərlə işin təşkili ilə bağlı bilik və bacarıqlarının artırılması məqsədilə keçirilib. Eyni zamanda təlim iştirakçılara təşkilatın fəaliyyətində şəbəkələrlə əməkdaşlığın qurulması və işin təşkilini öyrənmək imkanı əldə ediblər.
Təlimçi Nailə İsmayılova 2 gün ərazində “Təşkilatı İnkişaf. Çətinliklər. Hədəflər”, “Heyətin idarə olunması və komanda işinin təşkili”, “Maliyyə axtarışı. Resursların qiymətləndirilməsi”, “Könüllülərlə iş və Şəbəkələşmə” mövzularında təlim keçib.
Təlimdə iştirak etmək üçün QHT-lər Ərizə forması dolduraraq müraciət ediblər. Bu ərizələrə əsasən iştirakçılar müəyyən olunub. İştirakçıların ehtiyacları xüsusi metodikaya əsasən aparılıb. Bu ehtiyaclar nəzərə alınaraq müvafiq təlim proqramı hazırlanıb. Qeyd edək ki, təlim proqramına daxil edilmiş mövzular təşkilatın qiymətləndirilməsinə dair iştirakçılar arasında keçirilən qiymətləndirmənin nəticələrinə uyğun olaraq seçilib. Belə ki, qiymətləndirmə nəticəsində qeyd olunan regionda fəaliyyət göstərən təşkilatlarda struktur, idarəetmə, resursların düzgün istifadəsi, əməkdaşlıq sahələrində təkmilləşməyə ehtiyac olduğu müəyyən edilib.
Təlim zamanı təşkilatların fəaliyyətinə dair fikirlərin formalaşması məqsədilə “QHT Market” təşkil olunub. Eyni zamanda iştirakçılar təşkilatın fəaliyyətini təhlil etmək məqsədilə əhatəli təhlil aparıb və digər iştirakçılara təqdim ediblər. Təlim iştirakçıları ilə mümkün maliyyə imkanları və təşkilatların fəaliyyətini gücləndirmək məqsədi ilə şəbəkələrlə əməkdaşlıq iştiqamətində müzakirələr aparılıb.

Konstitusiya Arasdırmalar Fondu

AZ | EN