Turizm şirkətləri cənub bölgəsinin aqroturizm imkanları ilə tanış oldular.

Press-reliz, May 2022

Turizm şirkətləri nümayəndələri bölgənin ekoturizm və aqrar turizm məkanları, onların təqdim etdikləri xidmətlərlə tanış olublar.

Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən birgə həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində Lənkəran, Masallı, Lerik və Astara rayonları ərazisində yerləşən və layihəyə cəlb olunan aqrar/eko-turizm məntəqələrinə turizm şirkəti nümayəndələri üçün işgüzar səfərlər təşkil edildi. Səfərin əsas məqsədi iştirakçılara seçilmiş turizm məkanlarında təklif olunan aqrar/ekoturizm xidmətlərini müşahidə etmək, xidmət təminatçıları ilə tanış olmaq, yeni və təkmilləşdirilmiş aqrar/ekoturizm xidmətlərinin cənub bölgəsinin təklif etdiyi digər turizm imkanları ilə necə birləşə biləcəyini daha yaxşı göstərmək idi.

20-22 May 2022-ci il tarixlərində baş tutan səfərdə Bakıda yerləşən 15 müxtəlif turizm şirkətini təmsil edən 19 nümayəndə iştirak etmişdir. Səfərin birinci günü Astara rayonunda yerləşən  “Balıqçı Abi” və “Yaşıl Göl” istirahət müəssisəsi, Astara rayonunun Sım kəndi və Lerik rayonunda “Bal süfrəsi” və “Səfalı Göl” turizm məntəqələri tur şirkətlərinin nümayəndələrinə təqdim olunmuşdur.  

Səfərin ikinci günü iştirakçılar Lənkəran rayonunda yerləşən “Citrus Valley”, Masallı rayonunun Ərkivan qəsəbəsində yerləşən “Obal” və günün sonunda isə Masallı rayonu Boradigah kəndində yerləşən “Misgərlik” kimi turizm məntəqələrini ziyarət etdilər.  Hər bir aqro/eko-turizm məkanında keçirilən təqdimatlar iştirakçılar tərəfində qeydə alınmış və qiymətləndirmələr həyata keçirilmişdir. Qeyd edək ki, təklif olunan turizm xidmətlərinin gələcək tur paketlərə daxil edilməsi üçün şirkət rəhbərləri ilə danışıqlar aparılacağı bir çox turizm şirkətləri nümayəndələri tərəfindən qeyd olunmuşdur.

AZ | EN