Home » Tədbirlər » Regionlarda suvarma suyu ilə bağlı problemləri necə həll etmək olar? –EKSPERT MÜZAKİRƏLƏRİ

Regionlarda suvarma suyu ilə bağlı problemləri necə həll etmək olar? –EKSPERT MÜZAKİRƏLƏRİ

Vətəndaş cəmiyyəti təşkilatları, dövlət orqanlarının iştirakı ilə müzakirələr aparılıb, təkliflər irəli sürülüb

Avrasiya Əməkdaşlıq Fondu Açıq Hökumət Platforması ilə birgə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT-nin İnkişaf Proqramı tərəfindən icra olunan “Həssas əhali qruplarının sosial-iqtisadi hüquqlarının təmin edilməsində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi, “Açıq hökumət həftəsi” (#OpenGovWeek) çərçivəsində “Bölgələrdə suvarma suyu təminatının yaxşılaşdırılması imkanları (Xaçmaz rayonu)” mövzusunda dəyirmi masa müzakirələri təşkil edib.

Tədbirdə Meliorasiya və su təsərrüfatı ASC və onun elmi institutları, Kənd Təsərrüfatı, İqtisadiyyat Nazirliyi, Azərsu ASC, Bakı Dövlət Universiteti, QHT nümayəndələri iştirak ediblər.

QHT-lər yerli sosial-iqtisadi inkişaf problemlərinin həllində necə iştirak edir?

Dəymi masanı giriş sözü ilə Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev açıb. Ə.Nuriyev bildirib ki, Azərbaycanda suvarılan torpaqlar geniş ərazini əhatə edir. Bəzi regionlarda suvarma suyu ilə təminat aşağı səviyyədədir. Geniş kanal şəbəkəsi olsa da, beton kanallar az hissəni təşkil edir. Bu baxımdan su ehtiyatlarının qorunması, səmərli istifadəsi çox vacibdir: “Nəzərə almaq lazımdır ki, kənd təsərrüfatının inkişafı dövlət başçısı tərəfindən prioritet elan olunub. Həmçinin kənd təsərrüfatının inkişafı ilə əlaqədar strateji yol xəritəsi qəbul edilib. Azərbaycanda əhalinin 38% kənd təsərrüfatında çalışır. Vətəndaş cəmiyyəti də sosial layihələr həyata keçirməklə bu prosesdə iştirak etməyə, töhfə verməyə çalışır. Xaçmaz rayonunda suvarma suyu ilə təminatla bağlı aparılan tədqiqat buna nümunə ola bilər”.

Platforma koordinatoru əlavə edib ki, dövlət orqanları ilə vətəndaş cəmiyyətinin bu problemləri birgə müzakirə etməsi, təkliflərin dinlənilməsi çıxış yollarının tapılması, səylərin əlaqələndirilməsi üçün çox mühümdür.

Layihə ekspertlərindən Abil Bayramov tədqiqat barədə ətraflı məlumat verib: “Layihə Mingəçevir, Şirvan, Quba bölgəsində icra olunub. Hər bölgədən 20 QHT cəlb olunub. Son nəticədə, hər bölgədən 10 QHT ilə əməkdaşlıq edilib. Bu QHT-lərin ehtiyaclarını qiymətləndirildi. Bu ehtiyacları nəzərə alaraq yerli sosial-iqtisadi inkiaf proqramlarının hazırlanması, ictimai xidmətlərin qiymətləndirilməsi, QHT-lərin yerli özünüidarəetmədə iştirakı mövzularında təlimlər keçdik. Apadığımız qiymətləndirmələr göstərdi ki, QHT-lər yerli sosial-iqtisadi inkişaf proqramlarının hazırlanmasında müəyyən rol alsalar da, bu yetərli deyil. Buna görə, qərar gəldik ki, bu QHT-lərin tədqiqatlar aparması, bunların nəticəsində siyasət sənədlərinin hazırlanması ilə bağlı bilik və bacarıqları artırılsın. Onların bu istiqamətdə təşəbbüsləri dəstəklənsin”.

A.Bayramov əlavə edib ki, Xaçmazda suvarma suyu ilə təminatla bağlı aparılan tədiqatın əsas özəlliyi, faktlar və statistika əsasında çox obyektiv təsvirinin verilməsidir. Eyni zamanda təkliflərin irəli sürülməsdir”.

Xaçmazda suvarma suyu ilə bağlı çətinliklər

Layihə eksperti Vəli Turan Xaçmazda suvarma suyu ilə təminatla bağlı aparılan tədiqatın nəticələrini və təklifləri təqdim edib. Bildirib ki, “Xaçmaz rayonu Azərbaycanın ən böyük kənd təsərrüfatı rayonlarından biridir. Rayonu ərazisində suvarılan torpaqların ümumi sahəsi 50,286 hektardır. Rayon ərazisində torpaqlar kanallar, çaylar, qarasular və kiçik bir qisim isə artezian suları ilə suvarılır. Su mənəbələri Samur-Abşeron kanalı, Xan arxı kanalıdır (hər ikisinin mənbəyi Samur çayı). Suvarma suyu ilə bağlı çətinliklər iqlim dəyişiklikləri zamanl özünü daha qabarıq göstərir. 2015-ci ildə bu problem özünü daha qabarıq göstərib. Vaxtında suvarılmayan əkin sahələri sıradan çıxıb. Ən böyük problemlərdən biri də suvarma zamanı itkilərin çox olmasıdır. Rayonda 2016-cı ildə il 48 mln, 680 min kubmetr su itkisi olub. Bu ümumi su ehtiyyatının 25 faizidir. Daha sonra Sudan İstifadə Birliklərinə (SİB) verilən suda da itkilər olur. Bunun səbəblərindən ən başlıcası həmin təşkilarların suvarma kanallarının əksəriyyətinin torpaq kanallardan ibarət olmasıdır. Rayon üzrə suvarma kanallarının uzunluğu 2387,7 km-dir. Bunun 2019, 38 km-li torpaq, 235,92 km beton kanallar, cəmi 129 km qapalı su kəmərləridir.

Çaylarda sululuğun azalması da ciddi problemlərdən biridir. Son 18 ilin göstəriciləri onu deməyə əsas verir ki, çaylarda sululuq səviyyəsində azalma tempi müşahidə olunur.

Çayların və yeraltı suların çirklənməsi də suvarma suyunun keyfiyyətinə birbaşa təsir göstərən amillərdəndir. Çaylarda mövcud olan karxanalar suyu həddən artıq bulandırır. Problemdən biri də torpaq islahatı zamanı torpaqların düzgün paylanmaması, arxların mühafizə zolaqlarının bələdiyyər tərəfindən satılması və qanunsuz zəbtidir. Hazırda suvarma suyu ilə bağlı ən böyük problem rayonun Hacılar (2360 ha), Çarxı (795 ha), Niyazoba (2410 ha), Ağçay (1320 ha) və Əbilyataq (1256 ha) kəndlərindədir. Bu kəndlərdə ümumi sahəsi 8141 hektar əkinə yaralı torpaq sahəsi var.

Ötən 10 il ərzində Sudan İstifadəedənlərin Birlikləri (SİB)-lərin fəaliyyətinin formalaşdırılması sahəsində islahatların nəzərdə tutulan səviyyədə həyata keçirilməməsi və onların fəaliyyətinə birbaşa nəzarətin zəif olması qarşıya qoyulmuş məqsədə tam çatmağa imkan verməyib. Respublikada SİB-lər üzrə suvarma suyunun uçotunun dəqiq aparılmadığı, istifadəsində olan təsərrüfatdaxili suvarma kanallarının əsaslı və cari təmirinə vəsait yönəldilmədiyi, qeyri-kommersiya qurumunun xüsusi forması kimi SİB-lərin maddi-texniki bazasının zəif olduğu, suvarma xidmət haqqının yığım mexanizmində problemlərinin mövcudluğu, uçot-hesabat işlərinin düzgün təşkil edilmədiyi, onların davamlı fəaliyyəti üçün “Meliorasiya və irriqasiya haqqında” qanunda nəzərdə tutulmuş ehtiyat fondlarının yaradılmadığı və s. müəyyən edilib.

Təsərrüfatdaxili suvarma kanallarının SİB-lərin istifadəsinə tam şəkildə verilməməsi dövlət büdcəsindən bu sahəyə yönəldilən vəsaitlərə qənaət edilməməsi də problemlər kimi vurğulana bilər. Xaçmaz rayonunda suvarma suyu probleminin həlli üçün təxminən 37 600 metr ərazidə kanalların çəkilməsinə ehtiyac var. Bu kanallardan 28660 metri torpaq, 8940-ı isə beton kanalalardır. Bundan əlavə ərazidə diametri 300 mm-lik 400 p/m boru xətti çəkilməlidir. Rayon ərazisində, xüsusilə suvarılmayan, yaxud da qismən suvarılan ərazilərdə olan mövcud göllərin bərpası ilə problemi həll etmək olar. Yerli səviyyədə bu göllərin bərpası üçün maliyyə vəsaitinin olmadığı bildirilir. Bu göllərin bərpası qış aylarında su ehtiyyatının toplanmasına, suvarma dövründə isə suvarma üçün istifadə olunmasında faydalı ola bilər. Həmin göllərdə balıqçılıq təsərrüfatlarının yaradılması da mümkündür. Yerli mütəxəssislərlə aparılan ilkin qiymətləndirmə zamanı 5 gölün hazırlanmasına təxminən 1280000 manat vəsaitin lazım olduğunu müəyyənləşdirilib.

Bundan əlavə mövcud suvarmaya suyundan istifadədə itkilərin aradam qaldırılması, həmçinin SİB-lərin fəaliyyətinin təkminləşdirilməsinə ehtiyac var. Sovet dövründə mövcud olan qapalı su sistemlərinin bərpası ilə itkinlərin qarşısını almaq, su istehlakçıları arasında ədalətli bölgünü təmin etmək vacibdir. Açıq su mənbələrinə vətəndaşlar tərəfindən müdaxilələr çox olduğu üçün su mənbələrindən uzaq olan torpaqların suvarılmasındə çətinliklər olur. Bu problemin qarşısını almaq üçün isə SİB-lərin nəzarət mexanizmi yoxdur”.

Suvarma kanal şəbəkəsi yenidən qurulmalıdır

Su təsərrüfatı obyektlərinin layihələndirilməsi üzrə Azərbaycan dövlət institutu (Azdövsutəslayihə İnstitutu) Suvarma şöbəsinin müdriri Elman Rufulayev bildiridi ki, ölkədə 5 aqroiqlim zonası var və onların hər birinin özəlliyi nəzərə alınmalıdır: “İlk növbədə kanal şəbəkəsi yenidən qurulmalıdır. Azərbaycanda 78 km su kanalı var. Onların 80% torpaq konstruksiyadır. Bu kanallarda su itkisi 40-50% çatır. Məsafə uzandıqca su itkisi də artır. Su itkisi bölgələrə görə də dəyişir. Azərbaycanda 29 mlrd kub metr su ehtiyatı var. Bunun 70% isə transmillidir. Hava-iqlim dəyişikliyi zamanı su çatışmamazlığı problemi yaranır. Eyni zamanda vegetasiya dövründə ölkədə su çatşmır. Bu hər yerdə belədir. Bununla belə, başqa mövsümdə su ehtiyatı yoxdur, məsələn qış aylarında. Bu ehtiyatlardan səmərli istifadə edilməsi lazımdır. Bunun üçün göllər yaradılmalıdır. Amma bu zaman da bölgələrə xas xüsusiyyətlər nəzərə alınmalıdır. Sabirabad bölgəsində göl yaradılmasında yanaşma, Xaçmaz rayonu ilə eyni ola bilməz. Bizim institut hazırda bu layihələr üzərində iş aparır”.

E.Rufullayev SİB-lərin də fəaliyyətinə toxunub. Qeyd edib ki, 28 rayonda SİB-lər fəaliyyət göstərir. Onların fəaliyyətinin təkmilləşdirilməsinə ehtiyac var. Həm onların statusu, həm də maddi texniki bazası baxımından: “SİB-lər kiçik ərazini əhatə edəndə səmərli fəaliyyət göstərə bilmirlər. SİB-in ərazisi böyük olmalıdır ki, qazancı təmin olunsun və fəaliyyətini həyata keçirə bilsin. Buna görə SİB-lərin sayı azalır, əhatə dairəsi isə böyüyür. Bu gun Qubada 11-SİB-dən 4 SİB qalıb. Digər rayonlarda da bu işlər aparılır”.

Yuxarı Şirvan kanalı yenidən qurulacaq

Bakı Dövlət Universitetinin müəllimi Əliyev Siyah qeyd edib ki, Xaçmaz suvarma su ilə təmin olunan rayondur. Hələlik, yeraltı sulardan istifadəyə ehtiyac yoxdur. Yeralıtı su mənbələrdən gələcəkdə istifadə etmək olar. Ə.Siyah əlavə edib ki, ölkədə suvarılan torpaq sahələri 5 mln 400 min hektara çatıdrmaq mümküdür: “Əsas məsələlərdən biri kanal sistemi inkişaf etdirilməlidir. Beton kanallar çəkilməlidir. Bu istiqamətdə işlər planlaşdırılır. Samur- Abşeron kanalı istifadəyə verildi. İndi Yuxarı Şirvan kanalının yenidən qurulması üçün layihə hazırlanıb. Bu layihəyə görə Yuxarı Şirvan Kanalı indiki saniyədə 78 kbm su götürmək əvəzinə, saniyədə 180 kbm su götürəcək. Hacıqabul rayonundan Bakıya doğru torpaq sahələr suvarma suyu ilə təmin olunacaq. Bu layihədə kanal vasitəsilə suvarılan torpaqların 240 hektara çatdırmaq mümkün olması nəzərdə tutulub”.


İrriqasiya-meliorasiya sistemi müasirləşdirilməlidir

Kənd Təsərrüfatı Nazirliyinin Torpaq şöbəsinin əməkdaşı Rövşən Abdullayev qeyd etdi ki, diqqət yetirilməli məsələlərdən biri irriqasiya-meliorasiya sisteminin müasirləşdirilməsidir: “Hazırkı irriqasiya-meliorasiya sistemi SSRİ dövründə planlı iqtisadiyyata hesablanmışdı. İndi isə fərdi sahibkarların fərqli yanaşması var və bu nəzərə alınmalıdır. Ən vacib məsələ su ehtiyatlarının səmərli istifadə olunmasıdır. Xaçmaz rayonu nümunəsində görürük ki, suvarma suyu ilə təminat var, amma daha səmərli idarəetmə olmalıdır ki, ehtiyaclar daha yaxşı ödənilsin”.

R.Abdullayev əlavə etdi ki, Kənd Təsərrüfatı Nazirliyi rayonların iqlim, su, torpaq və s xüsusiyyətlərini nəzərə alaraq kənd təsərrüfatı sahəsində ixtisaslaşma getməsi üçün təkliflər hazırlayır. Çünki əkin zamanı bir çox amillər nəzərə alınmalıdır. Bu zaman mövcud irriqasiya sisteminin imkanları və su ehtiyatları diqqətdə saxlanılmalıdır”.


Müasir suvarma metodları tətbiq olunmalıdır

Kənd Təsərrüfatı Nazirliyi nümayəndəsi su kanallarının tikilməsi, göllərin yaradılması zamanı kompleks yanaşmanın vacibliyini xüsusi qeyd etdi: “Yalnız su ilə təminat olsun deyə, kanal çəkmək olmaz. Bu zaman nəzərə almaq lazımdır ki, şoranlaşma olmasın, torpağın keyfiyyətinə zərər vurulmasın. Kompleks tədqiqatlar aparılmalı və buna uyğun işlər görülməlidir”.

Xaçmaz Suvarma Sistemləri İdarəsinin baş mühəndisi Xaləddin Məlikov mütərəqqi suvarma üsullarının tətbiq edilməsinin vacibliyini diqqətə çatdırıb: “Hazırda Xaşmazda 1 hektar alama bağının ənənəvi-şırım üsulu ilə suvarılması üçün 100 kub su istifadə olunur. Damçı üsulu isə 320 kub su laızm gəlir. Bu məsələlər barədə düşünmək lazımdır. Əsas məsələ mövcud imkanlardan daha səmərli istifadə olunmalıdır”.

Zaur

AZ | EN